2015-ci ildə Azərbaycanda birinci Avropa Olimpiya Oyunları ən yüksək səviyyədə keçiriləcək. Bu barədə Prezident İlham Əliyev çərşənbə axşamı Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
“Bu, böyük məsuliyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, bu ildən Azərbaycan Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə başlamalıdır. Bu məqsədlə yaxın günlərdə təşkilat komitəsi yaradılacaq. Dövlət qurumları bu işlərdə fəal iştirak etməlidirlər. Buraya həm infrastruktur, nəqliyyat, təhlükəsizlik, turizm – yəni, bütün sahələr cəlb edilməlidir.
“Biz bir daha dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdir. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidir. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik”, - deyə İ.Əliyev vurğulayıb.