Prezident İlham Əliyev bu il Bakı şəhərindəki məktəblərdə bütün təmir və tikinti işlərinin başa çatdırılması ilə bağlı sərəncam verib.
Onun sözlərinə görə, Azərbaycanda, ümumiyyətlə, 4,5 mindən bir qədər çox məktəb var. “Onların böyük hissəsi qəzalı vəziyyətdə idi. İndi qəzalı vəziyyətdə olan məktəblərin sayı böyük dərəcədə azalıb. Çalışacağıq ki, bu il ümumiyyətlə, bütün qəzalı vəziyyətdə olan məktəbləri yenidən quraq və təmirə ehtiyacı olan məktəblər də tədricən təmir ediləcək”, - deyə Prezident İlham Əliyev çərşənbə axşamı Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
O qeyd edib ki, son on il ərzində 2,5 minə yaxın məktəb tikilib və proses hələ də davam edir.
Dövlət başçısı bildirib ki, Bakı şəhərindəki məktəblərə gəldikdə, bu il bütün məktəblərin təmir-tikinti işləri başa çatmalıdır.
“Bu il Bakıda və gələn illərdə bütün bölgələrdə bir dənə də olsun qəzalı, təmirsiz, yaxşı təmir olunmayan məktəb qalmamalıdır”, - deyə İ.Əliyev bəyan edib.