2012-ci ildə Azərbaycanın İKT sektoruna yatırılan investisiyaların həcmi $400 mln. təşkil edib. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib.
2012-ci ildə İKT sektoruna investisiyalar $400 mln. təşkil edib. İKT sektoru 2004–2013-cü illər üzrə təxminən iki dəfə genişlənib. Ötən ildə isə sektorun artım tempi təxminən 18% olub. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir”, - deyə Ə.Abbasov çərşənbə axşamı keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib.
Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda “evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb və bu layihəyə 103 mln. manat vəsait ayrılıb. “Layihə 3 il müddətində həyata keçiriləcək və yüksək rentabellidir 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85%-ə çatdırmaqdır”, - deyə nazir bildirib.
Ə.Abbasov qeyd edib ki, layihənin başa çatdığı müddətdə Azərbaycan bu göstərici üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə çıxacaq.
Nazir əlavə edib ki, son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə liderdir. “2012-ci ildə bu rəqəm 65%-dən təxminən 70%-ə yaxınlaşıb. 2011-ci illə müqayisədə hesabat ilində xaricə çıxış tutumu 2,2 dəfə artıb, qiymətlər isə təxminən 35% azalıb”, - deyə o vurğulayıb.
Ə.Abbasov vurğulayıb ki, Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını (4G- İF-Az) tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi olub. “İndi Azərbaycanda hər 100 nəfərə təxminən 110 telefon düşür”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılıb. Hazırda ölkə əhalisinin 90%-i bu yayım texnologiyasına çıxış imkanı təmin olunub.
Nazir qeyd edib ki, 2012-ci ildə elektron imza sisteminin kompyuter və mobil telefon versiyası işə salınıb və artıq 5,5 mindən çox dövlət məmuru və vətəndaşlar elektron imzadan istifadə ediblər.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilən hədəflərə nail olmaq üçün İKT sektorunun üzərinə yeni və məsuliyyətləri vəzifələr qoyulub”, - deyə o qeyd edib.