Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə BƏƏ-nin Ras Əl-Xeymə əmiri Səud bin Saqr Əl-Qasimi ilə səfər mübadiləsi, sərgi, biznes-forum və digər tədbirlərin keçirilməsinin perspektivlərini müzakirə edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan və Ras Əl-Xeymə Əmirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinin qeyd olunduğu görüşdə yerli Ticarət-Sənaye Palatasının İdarə Heyətinin sədri və digər rəsmi şəxslər iştirak edib.
Bundan başqa, P.İsmayılzadə Ras Əl-Xeymə Əmirliyinin Turizmin İnkişafı Departamentinin rəisi Ketrin Gnilka və İnvestisiya Departamentinin baş direktoru Peter-Mikael Şusterlə görüşüb. Görüşlərdə azərbaycanlı turistlərin sözügedən əmirliyə səfərlərinin təşviq olunması və qarşılıqlı investisiya qoyuluşlarının perspektivləri müzakirə olunub. P.Şuster investisiya sahəsində əməkdaşlığın müzakirə edilməsi üçün aprel ayında Azərbaycana səfər etmək istəyində olduğunu açıqlayıb.
Ras Əl-Xeymə Əmirliyinə səfəri çərçivəsində azərbaycanlı diplomat, həmçinin BƏƏ-nin bütün mehmanxanaları və konfrans zalları üçün avadanlıq istehsal edən yerli keramika zavodunda olub.