Koreyalı mütəxəssislər Azərbaycan Texniki Universitetində yeni İKT sistemini istifadəyə verəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyindən məlumat verilib.
KOICA və AzTU 2011-ci ilin oktyabr ayında imzalanan “Azərbaycan Texniki Universitetində Tədris İnformasiya Sisteminin Yaradılması” qrant sazişi çərçivəsində layihə reallaşdırır.
Layihənin həyata keçirilməsi məqsədilə yanvarın 12-dən 20-dək dörd koreyalı ekspert texniki əməliyyatların keçirilməsi və avadanlığın quraşdırılması üçün ali məktəbə göndərilib.
Layihənin məqsədi – AzTU-da Koreyada sınaqdan çıxarılan ən yeni İKT sisteminin yaradılmasıdır. Bu sistem məkətəb administrasiyasını avtomatlaşdırmaq, o cümlədən, tələbələrə onlayn rejimdə distant təhsil almaq imkanı yaradacaq.
Layihənin reallaşdırılması 2013-cü ilin sonuna kimi planlaşdırılır.