Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti olan “Paşa Həyat Sığorta” ASC 2012-ci il ərzində sığorta haqqı yığımını 2011-ci illə müqayisədə 79,6% - 14 mln. 697 min manata qədər artırıb. Bu barədə şirkətin məlumatında deyilir.
2012-ci ilin yekunlarına əsasən, “Paşa Həyat Sığorta” ASC sığorta haqqı yığımları üzrə renkinq cədvəlində 9-cu pillədə qərarlaşıb (2011-ci ildə 11-ci pillə).
Məlumatda qeyd edilir ki, şirkətin bazar payı 4,3%-dək (2011-ci ildə 3,8%), həyat sığortası bazarındakı payı 40%-dək (2011-ci ildə 36,4%) artıb.
““Paşa Həyat Sığorta”nın yığımlarının və bazar payının artımı bazara həyat sığortası ilə bağlı sığorta məhsullarını sərfəli şərtlərlə təqdim etməsi ilə əlaqədardır”, - deyə məlumatda vurğulanır.
"Paşa Həyat Sığorta" 2010-cu ildə yaradılıb, 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti üçün lisenziya alıb. “Paşa Holding” şirkətin yeganə səhmdarıdır. Şirkətin nizamnamə kapitalı 15 mln. 50 min manata bərabərdir. Şirkət sığorta haqqı yığımına görə aparıcı sığorta şirkətlərinin onluğuna daxildir.