2012-ci ildə Azərbaycan bir sıra Yaxın Şərq və Afrika ölkələrinə maliyyə yardımı göstərib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ötən ilin yekunları ilə bağlı məlumatında deyilir.
Məlumata görə, Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üçün 2012-ci ildə müxtəlif formatlarda və sahələrdə bu ölkəyə yardımlarını davam etdirib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin kontingenti NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatında iştirakını davam etdirib, həmçinin hava və quru tranziti dəstəyi göstərib.
Bundan başqa, Əfqan Ordusu üzrə Etimad Fonduna 2 mln. avro dəyərində maliyyə ianəsi verib və ikitərəfli proqramlar çərçivəsində humanitar mina təmizləmə, fövqəladə hallar üçün təhsil və kadr hazırlığı sahələrində yardımlar edib. Azərbaycan 2012-ci ildə Əfqanıstanın birbaşa və regional qonşuları olan dövlətlərdən ibarət İstanbul prosesinə qoşulub.
Nazirlik bildirib ki, 2012-ci il ərazində XİN-in nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım İdarəsi (AİDA) Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına maliyyə yardımı göstərib.
Həmçinin, Suriyada yaşanan məlum hadisələr nəticəsində bu ölkədən qaçqın düşmüş və İordaniyanın Əmman şəhərində məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti maliyyə yardımı ayırıb. AİDA və İslam İnkişaf Bankı arasında Afrikanın 9 ölkəsində görmə qabiliyyətinin itirilməsi ilə mübarizə kampaniyasının aparılması barədə razılıq əldə olunub. Bundan əlavə, Burkina Fasoda baş vermiş quraqlıq nəticəsində yaranmış humanitar böhranın və Qəmər adalarında daşqınlar nəticəsində içməli su və ərzaq qıtlığının aradan qaldırılması məqsədilə maliyyə yardımları ayrılıb.