Prezident İlham Əliyev cümə axşamı ABŞ müdafiə nazirinin baş müşaviri Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Görüşdə K.Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakını və bu missiyaya verdiyi töhfəni yüksək qiymətləndirib. O bildirib ki, ABŞ iki ölkə arasında müdafiə sahəsində əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. Baş müşavir bu sahədə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmasının önəmini qeyd edib.
Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edən İ.Əliyev ölkələrimizin müdafiə sahəsində əməkdaşlığının uzun tarixə malik olduğunu və razılıq doğurduğunu vurğulayıb. Müdafiə sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafındakı rolunu qeyd edən Prezident bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb. İ.Əliyev Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.