2012-ci ildə sənayenin qeyri-neft sektorunda 7,8% artım, neft sektorunda 4,2% azalma müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Hesabat dövründə sənaye sahələrində 33,9 mlrd. manatlıq məhsul istehsal olunub. 2012-ci ilin yekunları üzrə sənaye məhsullarının istehsalında azalma 2,3% təşkil edib.
2012-ci ildə istehsalın 75,4%-i mədənçıxarma, 18,9%-i emal, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.
İl ərzində neft hasilatı 43 mln. ton, əmtəəlik təbii qaz hasilatı 17,2 mlrd. kubmetr təşkil edib, qaz hasilatı 5,4% artıb, neft hasilatı isə 5,3% azalıb.
Məlumata görə, hesabat dövründə qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.