Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Komitənin Metrik Konvensiyanın Ölçülər və Çəkilər üzrə Baş Konfransına müşahidəçi üzv qismində qoşulması ilə əlaqədar müvafiq sənədlər hazırlayıb. Bu barədə Komitənin 2012-ci il ərzində fəaliyyəti barədə hesabatda bildirilir.
Hesabatda vurğulanır ki, 2012-ci ildə Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində qəbul olunub.
İdarənin məlumatına əsasən, Komitə ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Dövlət Metrologiya Xidməti nəzdində yaradılan Etalon Dozimetrik Laboratoriyasının binasının tikintisi başa çatdırılıb. Laboratoriyada avadanlıqların quraşdırılması və istismara verilməsinə 2013-cü ilin yanvar ayında başlanılması nəzərdə tutulur.
Komitənin Metrik Konvensiyanın Ölçülər və Çəkilər üzrə Baş Konfransları dörd ildə bir dəfə çağırılır. Burada Konvensiyaya bütün üzv-ölkələrin nümayəndələri və assosiativ üzvlərin müşahidəçiləri iştirak edirlər.
Konfransda Ölçülər və Çəkilər Beynəlxaq Komitəsinin məruzəsi dinlənilir, beynəlxalq ölçü vahidlərinin yaxşılaşdırılması və yayılmasına yönələn qərarlar qəbul edilir, gələn dörd ilə Ölçülər və Çəkilər Beynəlxalq Büronun büdcəsi təsdiq edilir.