Sahibkarlığa Kömək Milli Fondu 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 8,4 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
SKMF cümə günü Ağsu rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2013-cü ilin əvvəlindən 50-yə yaxın sahibkara 8,4 mln. manat güzəştli kredit verilib.
"Tədbir çərçivəsində Ağsu və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 374,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 43 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir.