Azərbaycan xalqının 1990-cı ilin yanvar ayında Bakıya qoşun yeritmiş və dinc əhalinin qırılmasına səbəb olmuş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovu məhkəməyə cəlb etməyə tam haqqı var. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəyan edir.
“Təəssüf edirik ki, bu günə qədər bu faciə tam hüquqi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar. Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, M.Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın”, - deyə QMİ-nin 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə yaydığı bəyanatda qeyd edilir.
“Azadlığın, müstəqilliyin yolu agırdır. Şəhidlərimiz olmuş və torpaqlarımızın bütövlüyü bərpa olunanadək yenə də ola bilər. Odur ki, 20 Yanvar günü şəhidləri anmaq, xalqımızda qəhrəmanlıq və vətənpərvərlik ruhu tərbiyə etmək günü olmalıdır. Şəhidlərin ruhuna ən böyük töhfə Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir və xalqımız tezliklə öz ülvi arzularına çatacaq”, - deyə bəyanatda bildirilir.