Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi Bakıda böyük rus rəssamı Vasili Surikovun 165 illiyinə həsr edilən tədbir keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Tədbir “Rus muzeyi: virtual filial” informasiya-tədris mərkəzində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində keçirilib.
Tədbirdə Bakı məktəblərinin şagirdləri, tələbələr və həmvətənlər iştirak ediblər.
Azərbaycan İncəsənət Akademiyasının məzunu, sənətşünas Umay Ağayeva rəssamın həyat və yaradıcılığı haqqında dolğun məruzə ilə çıxış edib. RİMM-in qonaqları V.Surikovun rəsm əsərləri nümayiş edilən Sankt-Peterburq Dövlət Rus Muzeyinin zallarına virtual səyahət ediblər.