Azərbaycan Prezidenti İlham Əliyev cümə günü TANAP (Trans-Anadolu qaz boru kəməri) layihəsi ilə bağlı Azərbaycan-Türkiyə sazişini təsdiq edib. Bu barədə rəsmi mətbuat məlumat verib.
TANAP boru kəmərinin ümumi uzunluğu, ilkin qiymətləndirmələrə əsasən, 1700 kilometr təşkil edəcək.
Xəbər verildiyi kimi, 2012-ci il iyunun 26-da İstanbulda TANAP qaz kəmərinin tikinti layihəsi üzrə sənədlər paketi imzalanıb.
Trans Anadolu Pipeline qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Yeni qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək – 10 mlrd. kubmetr Avropa və 6 mlrd. kubmetr Türkiyənin qərb regionları üçün.
TANAP qaz kəməri layihəsindəTürkiyənin BOTAS və TRAO şirkətləri 20%, SOCAR şirkəti 80% pay sahibidir.
Qaz kəmərinin tikintisi $7-10 mlrd. məbləğində qiymətləndirilir.