“MKT İstehsalat Kommersiya” MMC pambıq emalı və satışı ilə məşğul olan “Beyləqan-Pambıq” ASC-nin səhmlərinin 30,34%-ni əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
“Dövlət Komitəsinə müsabiqədə iştirak etmək üçün iki investor tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Səsvermənin nəticələrinə uyğun olaraq, “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti “Beyləqan-Pambıq” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. İnvestisiya Proqramına əsasən 6 ay ərzində 250 min manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb”, - deyə Komitədən qeyd edilib.
Məlumata əsasən, investisiyalar müəssisənin emal sexinin təkmilləşdirilməsi məqsədi ilə müasir standartlara cavab verən avadanlıqların alınması və quraşdırılmasına yönəldiləcəkdir. İnvestisiya fəaliyyəti nəticəsində müəssisədə pambığın beynəlxalq standartlara uyğun emalının və satışının təşkili nəzərdə tutulur.
İnvestisiya Proqramı investisiya fəaliyyəti dövründə 20 yeni iş yerinin açılmasını nəzərdə tutur.
Müsabiqə qalibi 40 min manat məbləğində pul vəsaitini dövlət büdcəsinə köçürəcək.
Müsabiqədə səhmlərin hər birinin nominal dəyəri 2 manat olan 127,52 min səhm satışa çıxarılıb.
“Beyləqan-Pambıq” SC Beyləqan rayonunun Daşburun qəsəbəsində yerləşir. Müəssisə 1983-cü ildə işə salınıb. Hazırda müəssisədə 3 nəfər çalışır.
1 oktyabr 2012-ci il tarixinə müəssisənin nizamnamə kapitalı 840 min 691,2 manat təşkil edir və bir qiymətli kağızın nominal dəyəri 2 manat olan 420,345 min səhmə bölünüb.
2012-ci il oktyabrın 1-nə SC-nin öhdəlikləri 690,142 min manata, o cümlədən mal və xidmətlərə görə borcu 668,464 min manata, əmək haqqı borcu 21,678 min manata bərabərdir.