2012-ci ildə Azərbaycanda poçt, İKT və informasiya sahələrində fəaliyyət göstərən müəssissələrin gəlirləri 2011-ci illə müqayisədə 17,3%- 1 mlrd. 503,4 mln. manatadək artıb. Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov bazar ertəsi RİTN-də kollegiya iclasında belə söyləyib.
“2012-ci ildə ötən illə müqayisədə artım tempi İKT sektorunda 16.6 %, o cümlədən telekommunikasiya sektorunda 17.4 %, İKT sektorunda 8.6 %, eyni zamanda poçt sektorunda 18.2 %, informasiya sektorunda isə 50.1 % təşkil edib”,- deyə V.Zeynalov bildirib.
Poçt, İKT, informasiya sektorunda fəaliyyət göstərən müsəssisələrin gəlirlərinin ümumi çəkisi 2012-ci ildə Azərbaycanın qeyri –neft sektorunda ÜDM-nin 3,5%-ni təşkil edib.
Onun sözlərinə görə, 2012-ci il ərzində RİTN strukturuna daxil olan müəssisə və birliklərin gəlirləri 335 mln. manat plana qarşı 368,2 mln. manat təşkil edib
V.Zeynalov qeyd edib ki, 2012-ci ildə rabitə və informasiya sahəsinə qoyulan investisiyaların ümumi həcmi 325,3 mln. manat və ya Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 2%-ni təşkil edib. “O cümlədən hesabat dövründə RİTN –in strukturuna daxil olan müəssisələrə 110,5 mln. investisiya qoyulub”,- deyə o əlavə edib.
Mobil telefon istifadəçilərinin sayında demək olar ki, dəyişiklik olmayıb, hər 100 nəfərtə 110 telefon düşür.
Azərbaycanda 2013-cü ilin əvvəlinə orta hesabla hər 100 nədərdən 70-i internet, 50-si ADSL istifadəçisidir.