2012-ci ildə Azərbaycan 11 xarici mobil operatorun işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq əməkdaşlığının dayandırılmasına nail olub. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov bazar ertəsi nazirliyin kollegiya iclasında məlumat verib.
"Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə xarici ölkələrin mobil rabitə operatorları arasında olan rouminq əməkdaşlığın dayandırılması məqsədilə Xarici İşlər Nazirliyi və mobil operatorlar 17 ölkənin 19 mobil operatoruna müraciət ünvanlayıb. Nəticədə artıq 11 xarici mobil operator bu əməkdaşlığı dayandırıb", - deyə V.Zeynalov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu istiqamətdə fəaliyyətini davam etdirəcək.