2012-ci ilin dekabr ayında vahid icazələr portalının (www.icazeler.gov.az) 14 mindən artıq internet istifadəçisi olub. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, İİN 2012-ci ilin mart ayının ortalarında www.icazeler.gov.az portalının təqdimatını keçirib.
Nazirliyin məlumatına görə, dekabr ayında portala müraciət edənlərin 700-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Litva, Danimarka, Belarus, Polşa, Sinqapur, Mərakeş, Qətər, Qazaxıstan, Cənubi Koreya, Kanada, Birləşmiş Ərəb Əmirliyi, İslandiya, İsveçrə və İran kimi ölkələrdəndir.
Ümumilikdə, 2012-ci ilin mart-dekabr aylarında portaldan 75 mindən çox internet istifadəçisi yararlanıb.
Xəbər verildiyi kimi, bu portalın yaradılması sahibkarlığın inkişafında inzibati maneələrin aradan qaldırılmasına, İKT sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqinə, qabaqcıl informasiya sistemlərinin yaradılmasına, şəffaflığın artırılmasına yönəlib. Saytda hər fəaliyyət növü üzrə lisenziyalar və icazələrin alınması şərtləri barədə bütün məlumat yerləşdirilib.
Bundan başqa, sahibkarlar sayt vasitəsilə dövlət orqanları tərəfindən hazırlanan və lisenziyalaşdırma və yerləşdirməyə dair ayrı-ayrı normativ sənədlərin layihələri ilə tanış olmaq imkanı əldə edirlər. Bu sənədlərin layihələri saytda yerləşdiriləcək, sahibkarlar onlar barədə təklif və rəylərini bildirə biləcəklər.