Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi yanvarın 23-dən etibarən İranda keçirilən 31-ci “Fəcr” Beynəlxalq Festivalında iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Teatr festivala Afaq Məsudun əsəri əsasında “Qatar altına atılan qadın” pyesinin tamaşasını təqdim edəcək.
İranın mədəni həyatında mühüm rol oynayan dünyada məşhur teatr festivalı müasir teatr təfəkürrlü ilə ən yaxşı tamaşaları alqışlayır.
Teatrda qeyd olunub ki, “Qatar altına atılan qadın” tamaşasını İran münsiflər heyəti tərəfindən seçilib.
Tamaşanın quruluşçu-rejissoru Mehriban Ələkbərzadə, quruluşçu-rəssam – Nazim Bəkkişiyev, bəstəkar və aranjemançı Vüqar Camalzadədir. Baş rollarda respublikanın əməkdar artisti Kəmalə Hüseynova və teatrın artisti Cəfər Əhmədov çıxış edirlər. İran festivalının münsiflər heyətinə Azərbaycanın xalq artisti Cənnət Səlimova daxildir.
Festival yanvarın 31-dək davam edəcək.