Gürcüstan Milli Bankı “Paşa Bank”ın ilk törəmə strukturu “Paşa Bank Georgia” bankına fəaliyyət üçün lisenziya verib. Bu barədə bankdan məlumat verilib.
Məlumatda “Paşa Bank Georgia”-nın rəhbəri Anar İsmayılovun sözlərinə istinadən bildirilir ki, əsasən, strukturun fəaliyyəti ilk olaraq korporativ sektora xidmət göstərilməsinə istiqamətlənəcək, lakin sonra əməliyyatlar ölkənin kiçik və orta sahibkarlıq sahələrini (SME) də əhatə edəcək.
“Bundan əlavə, qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycanda, o cümlədən, bankın müştəri bazasında kifayət qədər çox sayda şirkətlər mövcuddur ki, onlar Gürcüstanda fəaliyyət göstərir. Bizim vəzifəmiz onların maliyyə maraqlarının və tələbatlarının təmin olunmasıdır. Eyni zamanda, Gürcüstanda banklar arasında kifayət qədər sərt rəqabət mövcuddur və bu təcrübə bizim üçün faydalı olacaq”, - deyə A.İsmayılov bildirib.
Strateji planlara əsasən yaxın 1-2 il ərzində Bank $60 mln.-dan az olmayan aktivlər formalaşdırmağı qarşıya məqsəd qoyub.
Hələlik bank Tiflisdə bir filial ilə təmsil olunacaq. Lakin yaxın gələcəkdə bank şəbəkəsinin Gürcüstanın qərb istiqamətində, Batumi və ya Poti kimi şəhərlərdə genişləndirilməsi də mümkündür.
“Paşa Bank Georgia” bankının nizamnamə kapitalı 35 mln. lari (təxminən $21 mln.) təşkil edir.
“Paşa Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Paşa Holdinq”in strukturuna daxildir. Bankın nizamnamə kapitalı 157 mln. manata bərabərdir.