Çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
İclasda nazirliyin təsis etdiyi nəşrlərin- “Mədəniyyət” qəzeti və “Mədəni həyat” jurnalının fəaliyyətinə dair məsələlər müzakirə edilib.
Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev bu nəşrlərin mədəniyyət və turizm sahələrinin müasir tələblərə uyğun işıqlandırıldığını qeyd edərək onların müasir tələblərə cavab verdiyini söyləyib.
Daha sonra “Mədəniyyət” qəzetinin baş redaktoru İntiqam Babayev, “Mədəni həyat” jurnalının baş redaktoru Yaşar Vəliyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva və Ədalət Vəliyev, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov məruzə ilə çıxış ediblər.
İclasda çıxış edən nazir Əbülfəs Qarayev nəşrlərin işində bir sıra çatışmazlıqların olduğunu qeyd edərək “Mədəniyyət” qəzetində turizm sahəsinə daha geniş diqqət ayrılmasının vacibliyini vurğulayıb. Bu sahədə mütəmadi xüsusi buraxılışların hazırlanması tövsiyə olunub.