“Milli Kart” prosessinq mərkəzi 2012-ci ildə tranzaksiya və onların həcminin artırılmasına nail olub. Bu barədə şirkətin məlumatında bildirilir.
“2012-ci ildə aparılan əməliyyatların ümumi sayı 4 milyona yaxınlaşıb. Eyni zamanda əməliyyatların həcmi 650 mln. manata qədər yüksəlib”, - deyə məlumatda qeyd olunub.
“Milli Kart” şəbəkəsindəki kartların sayı 236 min, pos-terminalların sayı 6750, bankomatların sayı 333 təşkil edir.
“Milli Kart”ın partnyor-bankların sayı 12-dək artıb.
“Milli Kart” MMC 2006-cı il iyul ayında Azərbaycanda faliyyət göstərən 18 bank tərəfindən təsis edilib. 2010-cu ildə AYİB 10% pay ilə mərkəzin səhmdarı olub. Hazırda mərkəzin nizamnamə kapitalı 5,5 mln. manata bərabərdir.
“Milli Kart” klirinq xidmətləri və yerli bankların buraxdığı kredit və debit plastik kartlarla digər əməliyyatlar təqdim edir. Şirkət nağd və qeyri-nağd əməliyyatların keyfiyyətini və effektivliyini yaxşılaşdırmaq üçün fəaliyyətini münasib qiymətə keyfiyyətli xidmətin geniş diapazonunun təminatına yönəldib.