Çexiya 2013-cü ilin I yarısında Bakıda MDB ölkələri üzrə ticarət nümayəndəliyi açmağı planlaşdırır. Bu barədə Çexiyanın Azərbaycandakı səfiri Radek Matula çərşənbə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında bildirib.
"Çexiya I yarımildə Bakıda MDB ölkələri üzrə ticarət nümayəndəliyi açmağı planlaşdırır", - deyə R.Matula söyləyib.
Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycan və Çexiya arasında mal dövriyyəsi $1,4 mlrd. təşkil edib.
İclasda Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Kağan Yılmaz qeyd edib ki, 2012-ci ilin yekunları üzrə iki ölkə arasında qarşılıqlı mal dövriyyəsi $4 mlrd. təşkil edib. "Ötən il qarşılıqlı investisiya qoyuluşlarının həcmi $10 mlrd. olub", - deyə K.Yılmaz vurğulayıb.
Çərşənbə günü CEIBC "Xəzər-Avropa dialoqu" mövzusunda iclas təşkil edib. İclasda Avropa Birliyi və Xəzər-Qara dəniz regionu ölkələrinin Azərbaycandakı səfirləri iştirak edib.
CEIBC 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən ən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Prezident İlham Əliyev 2002-ci ildən CEIBC-nin fəxri sədridir.