Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 14-19 yanvar tarixlərində Bakı şəhərində və respublikanın regionlarında keçirilən reydlər nəticəsində Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarını pozmuş 693 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkar edilib. Bu barədə DMX-nin mətbuat xidmətinin məlumatında deyilir.
Onlardan 85 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşaması leqallaşdırılıb, 3 nəfər əcnəbinin itirilmiş sənədləri yeni sənədlərlə əvəz olunub, 575 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 30 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
Hesabat dövründə DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və s. ilə bağlı 1353 müraciət daxil olub.
Bundan başqa, keçirilmiş tədbirlər nəticəsində 10 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.