"Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti 2013-cü il fevralın 13-dən Bakı-Kiyev-Bakı marşrutu ilə birbaşa reyslər həyata keçirməyə başlayacaq. Bu barədə şirkətin prezidenti Yuri Miroşnikov cümə axşamı Bakıda keçirilən təqdimatda bildirib.
"Reyslər həftədə üç dəfə olmaqla çərşənbə, cümə və bazar günləri “Boeing” hava gəmiləri vasitəsilə yerinə yetiriləcək. Biz gələcəkdə Ukraynanın başqa şəhərlərindən də Azərbaycana birbaşa reyslər həyata keçirməyi planlaşdırırıq, amma Bakı-Kiyev-Bakı reysi bizim prioritetimizdir", - deyə Y.Miroşnikov qeyd edib.
Biletin minimal qiyməti bir istiqamətə 179 manat, hər iki istiqamətə 317 manat təşkil edəcək.
Təqdimatın gedişində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib ki, "Ukrayna Beynəlxalq Hava Yolları" şirkəti Azərbaycan bazarına əvvəllər Bakı-Kiyev marşrutu ilə reyslər həyata keçirən "Aerosvit" aviaşirkətinin yerinə gəlib.
""Aerosvit" irəli sürülən yüksək tələblərə cavab verə bilmədi və bu bazarı tərk etməli oldu. Bu bazara gəlmiş "Ukrayna Beynəlxalq Hava Yolları" şirkəti çox möhkəm mövqelərə malikdir", - deyə səfir söyləyib.
Diplomat, həmçinin vurğulayıb ki, Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir və "artan templərlə inkişaf edir".
"Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti 1992-ci ildə yaradılıb və səhmləri xüsusi mülkiyyətdədir.