Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreya ilə bağlı 2087 saylı qətnamənin yekdilliklə qəbulunu alqışlayıb və Pxenyanın nüvə sınaqları keçirmək niyyəti ilə əlaqədar narahatlıq ifadə edib.
"Mən təəssüf edirəm ki, Şimali Koreya hakimiyyəti yeni nüvə sınağı da daxil olmaqla fitnəkar aksiyaları davam etdirmək niyyətində olduğunu bildirir", - deyə K.Eştonun katibinin cümə axşamı onun adından yaydığı bəyanatda qeyd edilir.
"Mən Şimali Koreya rəhbərliyini beynəlxalq birliklə qarşılıqlı əməkdaşlıq vasitəsilə, o cümlədən regional sabitliyə və Şimali Koreya xalqının rifahının yaxşılaşmasına gətirib çıxaracaq altıtərəfli danışıqlar çərçivəsində daha konstruktiv yola qədəm qoymağa çağırıram", - deyə bəyanatda bildirilir.