2012-ci ildə sərnişin və yük daşımaları həyata keçirən nəqliyyat vasitələrinə fərqlənmə nişanlarının verilməsinə görə dövlət büdcəsinə 7,3 mln. manat vəsait ödənilib. Bu barədə Nəqliyyat Nazirliyinin 2012-ci ilin yekunlarına dair hesabatında deyilir.
"2012-ci ildə 299,271 min ədəd fərqlənmə nişanı verilib", - deyə hesabatda qeyd edilir.
2012-ci ildə Nəqliyyat Nazirliyi avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə 565 lisenziya verib və dövlət büdcəsinə 86,1 min manat vəsait ödənilib. "Bundan başqa, nəqliyyat vasitələrinin texniki müayinəsindən 851 min manat məbləğində vəsait əldə edilib", - deyə məlumatda bildirilir.
Ötən il 30 ölkənin nəqliyyat qurumları ilə 46850 ədəd “İcazə” mübadiləsi aparılıb, “İcazə”lərin verilməsindən 466,5 min manat vəsait dövlət büdcəsinə ödənilib.
Bununla yanaşı, hesabat dövründə Nəqliyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə 466,453 min manat məbləğində rüsum ödənilib.
Nazirliyin məlumatına görə, 2012-ci il ərzində 200 iri tutumlu və 250 orta tutumlu - cəmi 450 yeni avtobus istismara buraxılıb. Hazırda Bakı şəhər marşrutlarında cəmi 2321, o cümlədən 1423 iri tutumlu, 985 orta tutumlu və şəhərətrafı marşrutlarda 13 kiçik tutumlu avtobuslar istismar olunur.
Hesabatda vurğulanır ki, 2012-ci ildə 537,2 km, o cümlədən 134,6 km respublika əhəmiyyətli, 402,6 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 25 ədəd körpü tikilib. Hesabat dövründə Bakı şəhərində 94 km avtomobil yolu təmir olunub və 6 yeraltı piyada keçidi istismara verilib.