2012-ci ildə H.Əliyev adına Bakı Neft Emalı Zavodunda 5 mln. 737,2 min ton xam neft emal edilib ki, bu da plan göstəricisindən 4,1% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
“Bu həcmin 4 mln.25 min tonunu neft, 1 mln. 726,7 min tonunu “Azərneftyağ” Neft Emalı Zavodundan qəbul olunmuş xammal və yarımfabrıkatlar (o cümlədən 217,3 min ton birbaşa qovulmuş benzin, 15,7 min ton birbaşa qovulmuş mazut, 545,6 min ton vakuum qazoylu, 265,4 min ton kerosin və 682,7 min ton dizel distillatları) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, “Azərikimya” İB-dən ümumi həcmi 8 min tona yaxın ağır piroliz qətranı və s. işlənmiş neft məhsulları da emala daxil edilib.
2012-ci ildə neftin ilkin emalı üzrə tapşırığa 100,1%, kənardan daxil olan bütün yarımfabrikat və işlənmiş məhsulların emal proqnozuna isə 114,7% əməl edilib.
BNEZ-də emal dərinliyi 90,2%-ə çatdırılıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.