SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin 2012-ci ildə təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonentlərə dəyən ziyan 6 mln. 615,095 min manat təşkil edib. Bu barədə SOCAR-dan məlumat verilib.
“2012-ci ildə təbii qazdan istifadə qaydalarının pozulmasına görə əhali kateqoriyasından olan 12 335, qeyri-əhali kateqoriyasına aid 1 223 abonentə qaz təsərrüfatına müvafiq “qüsur akt”ı tərtib olunub, 17 475 istehlakçı isə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb. “Azəriqaz”ın bu pozuntulara dair ziyanın həcmi 6 mln. 615,095 min manat təşkil edib”, - deyə məlumatda qeyd edilib.
2012-ci ildə 19 472 istehlakçının qaz təsərrüfatında (o cümlədən, 2 968 qeyri-əhali, 13 493 əhali), 3011 istixana və qazpaylayıcı stansiyalardan hesabat aparılan 117 ölçü qovşağında yoxlama-təftiş işləri aparılıb.
Yoxlamalar zamanı təbii qazdan istifadə qaydalarının pozulmasına görə 955 istehlakçıya müvafiq “qüsur akt”ı tərtib olunub, 1 523 istehlakçının qaz sayğacı dövlət yoxlamasına göndərilib və aşkar olunan digər qüsurların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə yazılı tapşırıqlar verilib.