Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədilə ikitərəfli və çoxtərəfli formatlarda həyata keçirilən layihələri müzakirə edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
27-28 yanvar tarixlərində Əfqanıstana səfər çərçivəsində A.Əzimov Azərbaycan-Əfqanıstan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycanlı diplomat Əfqanıstanın vitse-prezidenti Kərim Xəlili, xarici işlər naziri Zaymal Rasul, dağ-mədən naziri Vahidullah Şahrani və nəqliyyat və mülki aviasiya naziri Davud Ali Nəcəfi ilə danışıqlar aparıb.
Bundan başqa, A.Əzimov “Asiyanın ürəyi” ölkələrinin səfirlərinin iclasına həmsədrlik edib. İclasda Əfqanıstan üzrə İstanbul Prosesinin Yüksək Vəzifəli Şəxslərinin 6 fevral tarixində Bakıda keçiriləcək iclasına hazırlıq məsələləri müzakirə edilib.