Qətərin "Vodafone Qatar" mobil operatoru Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telekom" şirkəti ilə rouminq müqaviləsini ləğv edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycanın Qətərdəki səfirliyi bu ölkənin mobil şirkətinin işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlə əməkdaşlıq etməsi ilə bağlı faktlar aşkar etdikdən sonra bu ölkənin Xarici İşlər Nazirliyi və İnformasiya və Kommunikasiya Texnologiyaları Ali Şurası qarşısında müqavilənin ləğv edilməsinin zəruriliyi haqqında məsələ qaldırıb.
Bundan başqa, səfirlik və "Vodafone Qatar" şirkətinin nümayəndələrinin görüşü keçirilib. Görüşdə azərbaycanlı diplomatlar Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqların işğalı haqqında məlumat verib. Qətər tərəfi şirkətin tanınmamış Dağlıq Qarabağda fəaliyyətinin dayandırılması istiqamətində tədbirlər həyata keçirib.