Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr Azərbaycan cəmiyyətinin respublikada yaşayan pravoslavlara olan münasibətini yüksək qiymətləndirir.
“Azərbaycanda yaşayan ruslar ölkəmizin tamhüquqlu vətəndaşlarıdır və ictimai, siyasi, iqtisadi həyatda fəal iştirak edirlər. Ümumilikdə, pravoslav xristianlar, - onların arasında yalnız ruslar deyil, həm də ukraynalılar, belaruslar, yunanlar və bir çoxları var, - ölkənin müxtəlif strukturlarında təmsil olunublar. Bu isə hörmət və xeyirxah münasibətin təzahürüdür”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bir sıra Rusiya və Ermənistan KİV-lərinin Azərbaycanda rus əhalisinin təzyiqə məruz qalması barədə məlumatını şərh edərək bildirib.
“Əgər Azərbaycanda ruslara qarşı təzyiq olsaydı mən bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirində iştirak etməzdim”, - deyə baş yepiskop bəyan edib.
Rus Pravoslav Kilsəsinin nümayəndəsinin sözlərinə görə, şəxsən o, Azərbaycan vətəndaşı olaraq, ölkənin hər bir vətəndaşı kimi bütün hüquqlardan istifadə edir. “Bunun əksini iddia etmək üçün məndə heç bir əsas yoxdur. Bu cür faktlar mənə məlum deyil”, - deyə baş yepiskop qeyd edib.