“Azərsu” ASC 2012-ci ildə Bakı və Abşeronda 19700 ədəd smart kart tipli su sayğacı quraşdırıb.Bu barədə cəmiyyətin məlumatında bildirilir.
“Bunlardan 7560 ədədi əhali qrupu, 12140 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür”,- deyə məlumatda bildirilir.
Ümumilikdə 2012-ci ildə mexaniki və elektron tipli 65 min ədəd su sayğacı quraşdırılıb.
2013-cü il yanvarın 1-ə olan məlumata görə, “Azərsu” ASC üzrə abunəçilərin 550 minə qədəri və ya 47,5 % sayğaclarla təmin olunub.
Qeyd edək ki,ASC smart-kart tipli su sayğacların quraşdırılmasına 2012-ci ilin may ayında başlayıb . İlkin mərhələdə smart-kart sayğacların quraşdırılması qeyri-əhali qrupu abunəçilərini, 2012-ci ilin oktyabr ayından əhali qrupu abunəçilərini əhatə edib. Smart-kart sayğaclar Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Quba və Zərdab şəhərlərində də quraşdırılıb.
Bölgələrdə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində bütün abunəçilər smart-kart tipli sayğaclarla təmin ediləcək.
Əhali qrupu istehlakçılarına sayğacların quraşdırılması ASC tərəfindən dövlət hesabına həyata keçirilir, qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.