Prezident İlham Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə komissiya üzvlərini təbrik edib. Dövlət başçısı Azərbaycan ərazilərinin bir hissəsinin işğalının davam etməsi şəraitində Komissiyanın vacib rolunu qeyd edib.
“Sülh danışıqlarında Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, müharibə vəziyyətinin davam etməsi, təmas xəttində atəşkəsin mütəmadi pozulması səbəbindən hərbi və mülki şəxslərin həlak olması, əsir və itkin düşməsi halları Komissiyanın bu məsələlərdə daha həssas və daha məsuliyyətli olmasını zəruri edir”, - deyə rəsmi mətbuatda Prezidentə istinadən bildirilir.
İ.Əiyevin sözlərinə görə, bu Komissiya Ermənistanın hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin geri qaytarılması, eləcə də itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi kimi yüksək humanitar missiyanı dövlət qurumları, ictimai və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə layiqincə yerinə yetirib.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri və ağır fəsadları, baş vermiş humanitar fəlakət haqqında Dövlət Komissiyası və onun İşçi Qrupunun hazırladığı təbliğat materiallarının yayılmasının münaqişə barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rolu olub. İnformasiya mübarizəsi sahəsində Komissiyanın gördüyü işlər yüksək qiymətləndirilir”, - deyə dövlət başçısı vurğulayıb və ümidvar olduğunu bildirib ki, Dövlət Komissiyası bundan sonra da bütün vəzifələrinin öhdəsindən şərəflə gələcək.