Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim NATO Dəstək Agentliyinin (NSPA) baş meneceri Mayk Liden ilə görüşüb. Daimi Nümayəndəliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə birgə layihələr və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan hökuməti və NSPA tərəfindən həyata keçirilən, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə “Ceyrançöl” layihəsi uğurla davam edir və layihənin birinci mərhələsi gələn ilin may ayında başa çatacaq.
Tərəflər, həmçinin digər sahələrdə də əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Bununla əlaqədar NSPA tərəfi Azərbaycana bu ilin ikinci yarısında Bakıda NSPA-nın məlumatlandırma simpoziumunun keçirilməsini təklif edib.