Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar 2012-ci il üçün maliyyə hesabatını aprel ayının 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu barədə nazirliyin saytında məlumat verilir.
“Siyasi partiyalar haqqında” Qanunun 21.2 və 21.5-ci maddələrinə əsasən, siyasi partiyalar illik maliyyə hesabatını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bununla yanaşı, maliyyə hesabatı auditor şirkətinin rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc edilməlidir.
Məlumatda vurğulanır ki, siyasi partiyalar 2012-ci il üçün maliyyə hesabatını Maliyyə Nazirliyinə elektron formada təqdim edə bilərlər.
Bundan başqa, partiyalar tərəfindən illik maliyyə hesabatının Maliyyə Nazirliyinə ilk dəfə təqdim olunacağını nəzərə alaraq, nazirlik 13-15 fevral, 19-21 fevral və 25-27 fevral tarixlərində siyasi partiyaların baş mühasibləri üçün maliyyə hesabatlarının tərtibi ilə bağlı seminarlar təşkil edəcək.