Cümə günü Bakıda Beynəlxalq Mətbuat Evi İnternet -TV. formatında oxu.tv portalının təqdimatını keçirib.
Layihə “Xəzər” təhsil mərkəzinin dəstəyi ilə həyata keçirilib, layihənin reallaşması üçün təhsil sahəsində fəaliyyət göstərən görkəmli ekspert və pedaqoqlar, eləçə də təhsil müəssisələrinin ən qabaqcıl müəllimləri cəlb edilib.
“Biz bu layihəyə başlamazdan qabaq bir çox araşdırma və təhlillər aparmışıq. Ən əvvəl biz bu layihənin yalnız məktəblilər üçün deyil, onların müəllim və valideynləri üçün nə dərəcədə maraqlı və faydalı olacağını öyrənməli olduq”,- deyə “Xəzər” təhsil mərkəzinin rəhbəri Sona Vəliyeva bildirib.
Onun sözlərinə görə, bu layihə Azərbaycanın təhsil sisteminə baza və dəstək ola bilər.
“Portal uşaqlarının məktəbəqədər hazırlığını təşkil edə bilməyən, həmçinin maliyyə imkanları əlavə təhsilə imkan verməyən valideynlər üçün xüsusən faydalı olacaq”,- deyə S.Vəliyeva bildirib.
Mərkəzin rəhbəri əlavə edib ki, layihə evdə təhsil alan əlil uşaqlar üçün xüsusilə maraqlı olacaq.
Təqdimatda iştirak edən Azərbaycan Təhsil Problemləri İnstitutunun direktor müavini Yəhya Kərimov mərkəzə müəllimlər üçün seminarlar təşkil etməyi təklif edib.
Ailə, Qadıln və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva layihənin yaradıcılarına təklif edib ki, portala yetişməkdə olan nəslin tərbiyəsinin ayrımaz hissəsi olan uşaq hüquqları barədə məlumatlar yerləşdirilsin.
Təqdimatda qeyd edildi ki, başlanğıc mərhələdə portala müxtəlif fənlər üzrə 250-300 dərs yerləşdirilib, həmçinin valideyn və müəllimlər üçün xüsusi bölmə mövcuddur, istənilən şəxsin təhsil sahəsinə aid fikir və arzularını bölüşə biləcəyi forum da istifadəçilərin xidmətinə verilib.
Bundan əlavə, portalda təhsil sahəsində beynəlxalq aləmdə baş verən son yenilikləri əks etdirən xəbər lenti də mövcuddur.