Milli Məclis cümə günü İnzibati Xətalar Məcəlləsinə və “Ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin müdafiəsi haqqında” qanunlara düzəliş və əlavələri qəbul edib.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, yuxarıda adı çəkilən qanunverici aktlara edilən düzəliş və əlavələr genetikası modifikasiya olunmuş (GMO) qida məhsullarının istifadəsinin qadağan edilməsi məqsədi daşıyır.
“Biz özümüzü və ölkəmizi GMO qida məhsullarından nə qədər müdafiə etsək də, bəzi işbazlar ölkəyə bu cür məhsullar gətirir və satırlar”,- deyə o qedy edib.
Beləliklə İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə 120-1 maddəsi əlavə edilir. Bu da mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması ilə bağlıdır.
Dəyişikliyə əsasən, qanunvericiliyin pozulmasına görə, fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüququ şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunacaqlar. Genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycana gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə, fiziki şəxslərin 3000, vəzifəli şəxslərin 10 000, hüququ şəxslərin isə 50 000 manat cərimə olunması təklif edilir.
GMO bitkilərin genetik materiallarından elmi tədqiqat, sınaq v əsərgilərdə nümayiş olunması məqsədi ilə istifadə edilməsi zamanı cərimə sanksiyaları tətbiq edilməyəcək.