Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın məzənnəsinin saxlanması üçün 2012-ci ildə valyuta bazarında $1,5 mlrd. məbləğində xarici valyuta əldə edib. Bu barədə AMB-nin məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, bankın rəhbərliyi 2012-ci ilin yekunlarını müzakirə edib.
“Hesabat ilində ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən $1,5 mlrd. həcmində alışyönlü valyuta sterilizasiyası həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Nəticədə, 2012-ci ildə manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,2% möhkəmlənib.
Məlumatda vurğulanır ki, 2012-ci ildə AMB-nin valyuta ehtiyatları 14% artaraq $12 mlrd.-a yaxınlaşıb.
AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov 2012-ci ilin yekunlarını müsbət qiymətləndirib və 2013-cü ildə bankın qarşısında duran başlıca vəzifələri açıqlayıb. O bildirib ki, inflyasiya 5-6% səviyyəsində hədəflənəcək, bunun üçün çevik pul siyasəti yürüdüləcək.
Bundan başqa, AMB 2013-cü ildə pul və maliyyə sabitliyi siyasəti sahəsində qərarların effektivliyini yüksəltməyi, bu istiqamətdə şəffaflığı artırırmağı, nağdsız ödənişlərin miqyasını genişləndirməyi, ipoteka mexanizmini inkişaf etdirməyi, regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılmasını təmin etməyi planlaşdırır.
Xəbər verildiyi kimi, AMB milli valyutanın məzənnəsinin sabit saxlanması üçün 2011-ci ildə valyuta bazarında $4 mlrd. 153,2 mln. məbləğində xarici valyuta əldə edib.
2011-ci ildə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,4% möhkəmlənib.