Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 16 178 kq (520 145 troya unsiyası) qızıl alıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF 2012-ci il fevralın 1-dən qızılın alınmasına başlayıb.
Fondun məlumatına görə, cümə günü Britaniyanın “Brinks Qlobal” şirkəti tərəfindən ARDNF-in 1 ton (32 150 troya unsiyası) həcmində ikinci qızıl partiyası Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Respublikası Mərkəzi Bankına yerləşdirilib.
“Bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 2 tona (64 300 troya unsiyası) çatdırılıb", - deyə məlumatda vurğulanır.
ARDNF alınmış qızılın həcmini 2014-cü ilədək 30 tona çatdırmağı planlaşdırır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
1 dekabr 2012-ci il tarixinə ARDNF-in aktivləri $33 mlrd. 985 mln. təşkil edir.