2013-cü ilin yanvar ayında Azərbaycanda inflyasiya 2012-ci ilin dekabr ayı ilə müqayisədə 1,2% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.
Yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,6%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 3% bahalaşıb.
Yanvar ayında ərzaq mallarından çörəyin, makaron məmulatlarının, təzə balığın, zeytun yağının, xamanın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, şabalıdın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun, kələmin qiymətlərində bahalaşma müşahidə olunub.
Həmin ay düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, hind toyuğunun, kərə yağının, şəkər və şəkər tozunun, portağalın, bananın, çuğundurun, kökün və göbələyin qiymətlərində ucuzlaşma qeydə alınıb.
Hesabat ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarından sulu boyanın, parket və laminat parketin, mebellərdən mətbəxt üçün mebel dəstinin, mətbəx üçün stolun, təzyiq ölçmək üçün aparatın, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb.
Yanvar ayında elektrik lampalarının, mikserin, videokameranın, minik avtomobilinin, velosipedin, oyuncaqların qiymətləri ucuzlaşıb.
Ötən ay beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı və notarial xidmətləri tariflərində bahalaşma müşahidə olunub.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2013-cü ildə orta illik inflyasiyanı 5,7% səviyyəsində proqnozlaşdırır.