Bakı-Qazax yolunda iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə, üç nəfər həlak olub, altı nəfər müxtəlif bədən xəsarətləri alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı DİN Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Hacıqabul rayonu ərazisində yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Bundan sonra qumla yüklənmiş yük maşını körpüdən aşıb. Sürücü avtomobildən atılıb çıxmağa müvəffəq olub. Eyni zamanda, yol qəzası nəticəsində minik avtomobilinin sürücüsü və sərnişin hadisə yerində həlak olublar. Daha üç sərnişin Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Bundan başqa, Ucar rayonu ərazisində “VAZ 2106” markalı avtomobil “QAZel” ilə toqquşub. Nəticədə, sürücü və minik avtomobilin üç sərnişini xəstəxanaya yerləşdiriliblər. Burada sərnişinlərdən biri ölüb.
Faktlara dair cinayət işləri açılıb, istintaq aparılır.