Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç hesab edir ki, Ermənistanın işğal olunan Dağlıq Qarabağda mümkün aeroport açılışı Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar prosesinə mənfi təsir göstərəcək.
“Düşünmürəm ki, bu addım dinc yolla nizamlanmaya imkan yaradacaq. Əksinə, bu anışıqlar prosesinə mənfi təsir göstərəcək. Bütün məsələlərə dair danışıqlar aparmaq, ən əsası isə - müqavilələr imzalamaq lazımdır”, - deyə Z.Vayoviç “İnterfaks-Azərbaycan”
İnformasiya Agentliyində keçirilən mətbuat konfransında bəyan edib.
Serbiyalı diplomat bu yaxınlarda Azərbaycan və Ermənistan XİN rəhbərləri
arasında keçirilən görüşün yekunlarına, xüsusilə də, ümumilikdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesindən narazılığa anlayışla yanaşıb. “Bütün bunlar izah ediləndir. İrəliləyiş yoxdur. Ermənistan tərəfi danışmaq, danışıqlarda iştirak etmək istəmir, baxmayaraq ki, onlara müxtəlif variantlar təklif edilib”, - deyə o qeyd edib.
“Mən dinc danışıqların tərəfdarıyam. Düşünürəm ki, o gün gələcək ki, tərəflər masa ətrafına oturaraq danışacaqlar – Azərbaycan Respublikasının ərazi bütövlüyü və suvereniteti çərçivəsində”, - deyə diplomat əlavə edib.