Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevin başçılıq etdiyi nümayəndə heyəti Cənubi Koreya və Sinqapura səfər çərçivəsində ali məktəblər səviyyəsində əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADA-dan məlumat verilib.
Nümayəndə heyəti səfər proqramını Seulda yerləşən Xarici Araşdırmalar üzrə Hankuk Universitetində başlayıb. Qeyd edək ki, ötən ilin oktyabrında ADA ilə Hankuk Universiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, hər iki ali təhsil ocağı təlim proqramları həyata keçirir.
ADA nümayəndə heyəti həmçinin Seulun bir sıra digər universitetlərində görüşlər keçirib.
Bundan başqa, ADA nümayəndələri Sinqapur Mill Universiteti və Nanyanq Texniki Universitetində olublar. Keçirilən görüşlərdə tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi konfransların təşkil edilməsi məsələləri müzakirə olunub.
Hazırda ADA-nın Beynəlxalq Təqaüd Proqramı üzrə Akademiyada 19 müxtəlif ölkəni təmsil edən 22 xarici tələbə təhsil alır.
Bununla yanaşı, görüşlərdə ADA magistr pilləsində təhsil alan tələbələrin Koreya və Sinqapurun tədqiqat mərkəzlərində təcrübə keçməsi məsələsi müzakirəyə çıxarılıb.