Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı Avropa İttifaqının(Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.Görüşdə Bakı və Brüssel arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar danışıqların hazırkı vəziyyəti ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rəsmi KİV-in məlumat verdiyi kimi, İlham Əliyev çərşənbə axşamı BMT baş katibinin xüsusi nümayəndəsi Yan Kubişin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Görüşdə Azərbaycanın BMT strukturlarında son illərdəki fəaliyyətiqeyd olunub, ölkəmizin BMT çərçivəsində Əfqanıstanla əməkdaşlığının səviyyəsinin razılıq doğurduğu və bu əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edilib. Söhbət zamanı beynəlxalq sülhməramlı qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra Azərbaycanın bu ölkədə sabitliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafa nail olunması istiqamətində əhəmiyyətli rol oynayacağı vurğulanıb.
Həmin gün dövlət başçısı Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Tərəflər parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edərək beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı münasibətlərini və bir-birlərinə dəstək vermənin əhəmiyyətini vurğulayıblar.