Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Babək rayon uşaq-gənclər şahmat məktəbinin yeni binasının açılışında iştirak edib.
"2009-cu il mayın 5-də dövlət başçısı tərəfindən "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın təsdiq edilməsi, bu proqramın müvəffəqiyyətlə icrası nəticəsində gənclər arasında şahmata maraq artıb", - deyə V.Talıbov mərasimdə çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, təkcə 2000-2012-ci illərdə muxtar respublikada 1 şahmat mərkəzi və 7 şahmat məktəbi üçün yeni binalar tikilərək istismara verilib, bu gün MR-də bütün şahmat məktəbləri müasir binalarla təmin edilib.
V.Talıbov qeyd edib ki, muxtar respublikada yeni şahmatçılar nəsli yetişib, son illərdə NMR-də şahmat üzrə 40-dan çox yarış və birincilik, eləcə də 5 beynəlxalq səviyyəli yarış keçirilib, bu gün fəaliyyət göstərən şahmat müəssisələrində 300 qrupda 3 mindən artıq şagird şahmatın sirlərinə yiyələnir.
Naxçıvan MR başçısı deyib ki, bu şahmat məktəbində hər cür şərait yaradılıb, müasir dərs vəsaitləri şagirdlərin istifadəsinə verilib, burada 50 qrupda təxminən 600 şagird şahmatın sirlərinə yiyələnəcək.
Şahmat məktəbinin dördmərtəbəli binasında şahmatla peşəkar səviyyədə məşğul olmaq üçün müasir maddi-texniki baza yaradılıb. Burada müasir dərs avadanlığı və vəsaitləri ilə təchiz edilmiş, elektron lövhəli 10 sinif otağı, internetə qoşulmuş 8 kompüterin olduğu kompüter sinifləri, 64 yerlik oyun zalı və bufet var.
Həmin gün V.Talıbov əsaslı yenidənqurmadan sonra Babək rayon Qeydiyyat şöbəsinin və dövlət notariat kontorunun binasının vəziyyəti ilə tanış olub.