Vergilər Nazirliyi 2013-cü ilin yanvar ayında 7,048 min vergi ödəyicisinin fəaliyyətində qanunvericiliyin pozulması faktları aşkar edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, 3674 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 460 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi müəyyən edilib.
Bundan başqa, 965 vergi ödəyicisi vergi orqanlarında uçota durmadan fəaliyyət göstərib, 878 vergi ödəyicisi xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq almadan məşğul olub.
Hesabat ayında operativ nəzarət tədbirləri zamanı 929 vergi ödəyicisi tərəfindən 1600 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanıb.
Yanvar ayında 155 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 184 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 5408 ədəd mal olduğu müəyyən edilib.