Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 27,4 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2013-cü ildə fondun vəsaitləri hesabına 233 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 1,1 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə günü Yevlax rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
Ş.Abdullayev qeyd edib ki, Fondun güzəştli kreditləri hesabına indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5,2 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 261 mln. manatdan artıq vəsait verilib.
"Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən 46 sahibkara 3,6 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 120-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 43 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond 218 mln. manat məbləğində güzəştli kredit verib. 2013-cü ildə sahibkarlara ümumilikdə 250 mln. manat məbləğində kredit verilməsi planlaşdırılır.