Azərbaycanda mobil rabitə oparetoru “Bakcell” MMC “Azercell Telekom” MMC-yə qarşı qaldırdığı arabağlantı tarifi üzrə məhkəmə işini udub. Bu barədə “Bakcell”-dən məlumat verilib.
Şirkətin məlumatına əsasən, 26 iyul 2011-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə iddiaçı “Bakcell” MMC-nin cavabdeh “Azercell Telekom” MMC-yə qarşı 1 avqust 2006-cı il tarixli Arabağlantı Müqaviləsinə Əlavə Razılaşmanın 3 aprel 2009-cu il tarixindən bağlanılmış hesab olunması və 15 mln. manatdan artıq həcmdə zərərin ödənilməsi barədə iddia ərizəsi təmin edilib.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2012-ci il tarixli qətnaməsi ilə cabahdeh “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
“Beləliklə, “Bakcell” MMC-nin müvafiq iddiası üzrə 2 il ərzində cabahdeh “Azercell Telekom” MMC-nin məhkəmə şikayətlərində göstərdiyi dəlillər qəbul olunmayıb və iddiaçı “Bakcell” MMC-nin arabağlantı tarifi ilə bağlı bütün tələbləri Azərbaycan Respublikasının hər bir instansiya məhkəməsi tərəfindən təmin edilib”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, mobil operatorlar şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə bir-birinə haqq ödəyir və bu “arabağlantı tarifi” adlanır. 2009-cu ilin aprel ayında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 AZN səviyyəsində müəyyən edilib.
“Bakcell” MMC “Azercell Telekom” MMC-yə arabağlantı tarifinin azaldılması təklifi ilə müraciət edib, lakin qarşı tərəf mövcud tarifin (1 dəq. = 0,05 AZN) qaneedici olduğunu bildirib.
“Azercell Telekom” MMC-nin son 3 il ərzində RTİN-in müvafiq normativ aktını yerinə yetirməkdən imtina etməsi və bunun nəticəsində müştərilərə olduqca yüksək qiymətlərin tətbiq olunması ona gətirib çıxarıb ki, arabağlantı tarifinin və pərakəndə qiymətlərinin azaldılmasına nail olmaq üçün “Bakcell” MMC məhkəmə prosedurlarına müraciət etməyə məcbur olub.
“Bakcell” 1994-cü ilin martında təsis edilib və respublikada fəaliyyət göstərən üç GSM-operatordan biridir.
“Azercell” şirkəti 1996-cı ilin yanvarın 19-da təsis edilib və “TeliaSonera” qrupuna daxildir.