Azərbaycanda korrupsiyaya qarşı mübarizə kifayət qədər lazımi səviyyədə deyil, o daha ciddi nəticələr gətirməlidir. Bu barədə dövlət başçısı İlahm Əliyev bəyam edib.
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyil”, - deyə Prezident “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bildirib.
“Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik”, - deyə o əlavə edib.
İ.Əliyevin sözlərinə görə, bunu etmək üçün güclü siyasi iradə və beynəlxalq təcrübə lazımdır və onların hamısı Azərbaycanda var. Prezident qeyd edib ki, indiyədək bu istiqamətdə görülən tədbirlər onu qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır. Eyni zamanda İ.Əliyev korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxmasını, komitələr yaradılmasını qeyd edib. “Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdır. Eyni zamanda, sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır”, - deyə o bildirib. Bu istiqamətdə görülən tədbirlər arasında Prezident Bakıda qismən reallaşdırılan ASAN xidmətin adını çəkib. Dövlət başçısı ilin sonuna qədər ən azı Bakı, Bakının bütün rayonları, Gəncə, Sumqayıt şəhərlərinin tam şəkildə əhatə olunmasını, növbəti illərdə ölkəmizin bütün şəhərlərində bu sistemin tətbiq edilməsini tapşırıb.